Ata qızını əlləri ilə boğub öldürdü - Qubada dəhşətli qətl

02 Noyabr, 2020 12:55 | Hadisə | Baxış sayı: 265

Qubada ata övlad qatilu oldu.

İstiPress-in şimal bürosunun məlumatına görə, faciəli hadisə oktyabrın 31-də Qubanın Barlı kəndində qeydə alınıb. 61 yaşlı kənd sakini Məhərrəm İmanquliyev mübahisə zəminində qızı, 29 yaşlı Zeynəbi əllərilə boğaraq qətlə yetirib.

Polisin məlumatı əsasında rayon prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və meyit müayinə edilərək  tibbi ekspertiza olunub. Quba rayon prokurorluğunda  respublika CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb.

İstintaq başladığından rayon prokurorluğu təfərrüatları açıqlamır. Barlı kənd sakinlərindən əldə edilən məlumata görə, atanın öldürdüyü Zeynəb qonşu Xaçmaz rayonunda ərdə olub. Bir neçə ildir həyat yoldaşından ayrılıb və iki uşağı atanın himayəsinə verilib. Atanın qızını öldürməsinə  gəldikdə isə bəzi  versiyalar var. Qızının hərəkətlərinə dözə bilməyən Məhərrəm İmanquliyevin bu səbəbdən onu öldürdüyü deyilir.

Rayon prokurorluğu bütün xüsusatları araşdırır. İstintaqın gedişində atanın övladını həyatdan hansı səbəbdən məhrum eləməsi tam aydınlaşacaq. Məhərrəm İmanquliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb edilib.