Prokurorluq ustanın ölümü ilə bağlı məlumat yaydı

04 Sentyabr, 2020 10:35 | Hadisə | Baxış sayı: 45
Tikintidə ölüm
Tikintidə ölüm

Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.

İstiPress-in məlumatına görə, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılmış və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.