Sərxoş halda 3 nəfəri öldürmüş sürücü həbs olundu

05 May, 2020 11:44 | Hadisə | Baxış sayı: 172
Qəza
Qəza

Məhkəmə bir həftə qabaq qərar verib

Sərxoş sürücü həbs olundu.

İstiPress-in şimal bürosunun məlumatına görə, aprel ayının 10-da axşam saat 21 radələrində Şabran rayonu ərazisində-Hacıqaraqaşlı-Şabran yolunun 18-ci km-də dəhşətli qəza törədən Şabran şəhər sakini, 38 yaşlı Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev tutulub.

Əvvəlcə hadisə barədə: Bəxtiyar Şahverdiyev idarə etdiyi "Kia Cerato" markalı avtomaşınla balıq ovundan qayıdarkən avtomaşının aşması nəticəsində sürücünün dayısı oğlanları - Pirəbədil kənd sakinləri - 34 yaşlı Elnur Azad oğlu və 27 yaşlı Cəlal Azad oğlu Babayevlər, Sumağalı kənd sakini, 29 yaşlı Vüsal Rövşən oğlu Zəkiyev dünyasını dəyişib. Sürücü Bəxtiyar Şahverdiyev, digər iki sərnişin-Sumağalı kənd sakini,23 yaşlı İsmayıl Rövşən oğlu Zəkiyev və Şabran şəhər sakini, 39 yaşlı Ramin Oqtay oğlu Əzməmmədov isə müxtəlif xəsarətlərlə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Şabran rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.İlkin araşdırma nəticəsində qəzaya uğrayan avtomobilin sürücüsü Bəxtiyar Şahverdiyevin sərxoş olduğu məlum olub. CM-nin 263.1.4 maddəsi - (Yol hərəkəti qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsilə açılan cinayət işinin istintaqı zamanı Bəxtiyar Şahverdiyevin həbsinə qərar verilib və o aprelin 29-da Şabran rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Qeyd edək ki, Bəxtiyar Şahverdiyev əvvəllər də CM-nin 263.1 və 263.2 maddələrilə ittiham olunub.