Atanın sürdüyü maşın aşdı - oğlu öldü

29 May, 2020 13:27 | Hadisə | Baxış sayı: 209
Qəza
Qəza

Hadisə yaylaq massivində baş verib

Qubada dağlıq ərazidə ölümlə nəticələnən yol qəzası baş verib.

IstiPresss-in şimal bürosunun məlumatına görə, hadisə dağlıq Ördüc kəndindən Gömür Dəhnə kəndi istiqamətinə gedən yaylaq massivində qeydə alınıb.

Əslən Laçından olan, hazırda Şamaxı rayonunda yaşayan, 64 yaşlı Həsənəli Kamal oğlu Hüseynov idarə etdiyi "Uaz-330310" markalı avtomobillə hündürlüyə çıxmaq istəyib. Olduqca hündür olan massivdə Uaz-ın mühərrikinin gücü çatmadığından avtomaşın 50 metr arxaya  gedərək aşıb. Nəticədə sürücünün avtomobildə olan oğlu, sərnişin, 30 yaşlı Pərviz Hüseynov sıxılaraq ölüb.

Məlumat mayın 29-u Quba rayon polis şöbəsinə daxil olan kimi əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb. Yaşayış yerindən olduqca uzaq və əlverişsiz əraziyə mayın 29-u gecə saat 2-də çatan hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıblar. FHN-nin xilasediciləri avtomaşında sıxılıb qalmış Pərviz Hüseynovun meyitini çıxarıb tibbi ekspertizaya təqdim ediblər.

Quba rayon prokurorunun müavini Pərviz Nərimanovun iştirakı ilə polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, yüklə dolu Uaz markalı nəqliyyat vasitəsi hündür yolla hərəkət edərkən arxaya aşıb. Qəzanın tam başvermə səbəblərini müəyyən etmək üçün Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Hüseynovlar ailəsi mal-qara saxlamaqla, maldarlıqla məşğul olub. Bu ərazidəki yaylaqda qoyun sürüsü saxlayırlarmış.