O, həyat yoldaşının meyitini atmadığına görə əsir düşüb
27 gün əsirlikdə qalan Xocalı şəhər sakini Valeh Hüseynov musiqiçi olduğu üçün ermənilər onun barmaqlarını yandırıb. Səbəb kimi isə onun indiyədək dəfələrlə Qarabağ haqqında mahnılar, xüsusilə də Qarabağ şikəstəsini ifa etməsi olub.
“Onlar hamı ilə maraqlanırdılar, hətta şəkillər gətirilirdi onlara. Mənim isə pulemyotçu olduğumu dedilər, mən isə siravi bir gitara ifaçısı olduğumu deyəndə daha da qəzəbləndilər. Barmaqlarımın üstünə çıxıb tapdaladılar, sonra da yandırdılar ki əlim bir də işləməsin, gitara tuta bilməyim”.
Faciə baş verəndə Valeh Hüseynov 4 ay imiş ki evli imiş və həyat yoldaşı ilə bir qrup sakini dağlarla Ağdama aparmaq istəyirmiş. Ancaq həyat yoldaşı qəfil yaralanaraq həlak olur və o bütün təkidlərə baxmayaraq onu tərk etmir, onun meyitinin yanında qalır. Elə əsir düşməyi də buna görə baş verir.
“Əsirlikdə olan zaman bir gecə mənə dedilər ki, sənin ətini, qulağını kəsib özünə yedirdəcəyik sabah, gözlərini çıxardacağıq. Səhərə qədər necə qorxdumsa saçım ağardı, hətta güzgü gətirib verdilər ki bax gör nə gündəsən. Buna qədər isə kəlbətinlə dişlərimi qırmışdılar”.
Valeh Hüseynov indi şəkər xəstəliyindən əziyyət çəkir və bu həmin qorxudan sonra yaranıb. İkinci evlilikdən sonra 3 uşaq atasıdır. Hazırda Goranboyda məcburi köçkün şəhərciyində yaşayır.