Bu əlaqələr qarşılıqlı faydaya əsaslanır
Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu VestnikKavkaza nəşrinin müxbirinin sualına cavab olaraq bildirib. Səfirin sözlərinə görə, bu əməkdaşlıq bəzən digər ölkələrdə qısqanclıq yaradır. Buna baxmayaraq, hərbi əməkdaşlıq günü-gündən inkişaf edir və qarşılıqlı faydaya əsaslanır.
Polad Bülbüloğlu qeyd edib ki, silah istehsalı ilə məşğul olan ölkələr onu satmaqda maraqlıdır. Bu səbəbdən də biz bu silahları almaqda maraqlıyıq və ildən-ilə daha yeni silahlar alınır.
"Ordu həmişə xalqın və sərhədlərin müdafiəçisi rolunda çıxış edib. Azərbaycanda orduya xüsusi diqqət verilir. Və bu, prezident və Ali Baş komandanın daimi nəzarətindədir. Bizim özümüzdə də silah və texnika istehsalı ilə məşğul olan nazirliyimiz var. Bu, çox vacibdir. Ordu həmişə döyüşə hazır vəziyyətdə olmalıdır ki, qarşısında duran vəzifəni uğurla yerinə yetirsin". - Polad Bülbüloğlu belə deyib.