Quba ikinci düşmənə qarşı inadla mübarizə aparır

02 Noyabr, 2020 13:47 | Sosial | Baxış sayı: 173

Bu gün çoxsaylı igid oğulları cəbhədə namərd düşmənə qarşı şərəflə vuruşan Qubada ölkəni bürüyən ikinci düşmənə qarşı da inadla mübarizə aparılır.

İstiPress-in şimal bürosunun məlumatına görə, son iki həftə ərzində rayonda yerləşən Covid-19 regional xəstəxanasında koronavirusa yoluxmuş xəstələrin sayının artması narahatçılıq doğurur. Üstəlik də Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə Operativ Qərargah tərəfindən giriş-çıxışın qadağan edilməsi rayonda pandemiyaya qarşı daha ciddi tədbirlər görülməsini zəruri edib.

Martın 23-dən Qubada dəhşətli virusa qarşı mübarizə tədbirlləri bu günəcən davam etsə də xəstə sayının artması səbəbindən görülən tədbirlər intensivləşib. Bu gün Quba şəhərində növbəti geniş miqyaslı dezinfeksiya işləri aparılıb. Şəhərin park və xiyabanları, bazarı və insanların çox toplaşdığı yerlər xüsusi texnikalar vasitəsilə dezinfeksiya edilib.

Quba İH başçısı Ziyəddin Əliyev dezinfeksiya prosesinə birbaşa nəzarət edib. Rayon rəhbəri Şanlı Ordumuzun gündən günə artan qələbə müjdələrinin müqabilində virusun yayılma tempinin artmasını xoşagəlməz adlandırıb. Ziyəddin Əliyev bildirib ki, Quba cəbhədəki gedən uğurlu döyüş əməliyyatlarına çox sevinir, amma insanlarımız bu sevinci daimi yaşamağımız üçün özlərini çox ciddi şəkildə qorumalıdır: "Biz rayona gələn qonaqlara, yerli əhalimizə müraciət edirik, qoyulan şəxsi gigiyenik qaydalara tam əməl etməlidir. Hər kəs birinci özünü qorumalıdır ki,virus artmasın."

Quba İH-nin Operativ Qərargahı nəzdində fəaliyyət göstərən mobil dəstələr də sutka ərzində rayonun bütün yaşayış məntəqələrində əhali arasında geniş maarifləndirmə işlərini davam etdirirlər. İnsanlara sosial izolyasiya tədbirlərinə müntəzəm və ciddi şəkildə əməl etmək tövsiyyə edilir. Sosial məsafəni qorumaq, maska taxmaq, imkan daxilində kütləvi mərasimlərdən uzaq olmaq. Məqsəd odur ki, Quba ölkəni bürüyən, dünya ölkələrini çökdürən dəhşətli pandemiyaya hamılıqla "Yox" desin və hamının diqqəti cəbhədən gələn xoş qələbə xəbərlərinə virussuz yönəlsin.