Yeni təhsil ilinə yeni məktəblə sevinəcək kəndlər

11 Sentyabr, 2020 14:23 | Sosial | Baxış sayı: 146

Yeni dərs ilinə Xaçmaz rayonunun bir neçə məktəbi yenilənmiş və yeni inşa edilərək istifadəyə veriləcək.

İstiPress-in şimal bürosunun məlujmatına görə, 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə rayonda 7  modul tipli məktəb quraşdırılmasına başlanılıb. Rayonun Tikanlıoba, Əbilyataq, Qədiməliqışlaq, Xanoba, Xanlıqoba, Çuxuroba və Hacıməhəmmədoba kəndlərində tikilən modul məktəblər artıq istifadəyə hazırlanır.

Hər il yeniləşən məktəblər sırasına bu dərs ili Xudat şəhər 1 saylı və Qımılqışlaq kənd məktəbləri də daxildir. Dövlət proqramına uyğun olaraq Xudat şəhər 1 saylı məktəbin əvvəlki binası yararsız olduğundan sökülüb və hazırda yeni bina tikilir. 432 yerlik bina bütün lazımi avadanlıq və inventarla təmin edilir. 

480 yerlik Qımılqışlaq kənd məktəbi isə Təhsil Nazirliyinin xəttilə əsaslı bərpa edilib. Xaçmazın İH başçısı Elnur Rzayev yeni inşa edilən Xudat şəhər 1 saylı və Qımılqışlaq kənd məktəblərinə baxış keçirib. Yaradılan şəraitlə yerində tanış olub. Rayon rəhbəri təhsildə yaradılan bu yüksək şəraitin Azərbaycan Prezidenti İlham Əliyevin təhsil siyasətinin əyani nümunəsi olduğunu diqqətə çatdırıb.