Qubanın Dəlləkli kəndində son günlər müəmma dolu 4 yanğın hadisəsi qeydə alınıb.
IstiPress-in şimal bürosunun məlumatına görə, ilk olaraq sentyabrın 19-da kənd sakinləri İslam Vəzirov, Xalis Saxalov və Bahadur Qədirovun ot tayaları yanıb. Bir -birindən aralı yerləşən evlərin həyətində eyni gündə 3 tayanın alışması kənd sakinlərinin və hadisə yerinə gələn icra və hüquq-mühafizə orqanları rəsmilərinin təəccübünə səbəb olub.
Yanğın yerində FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib. Alovun evlərə və digər tikililərə keçməsinin qarşısı alınıb. Quba İH başçısı Ziyəddin Əliyev, rayon prokuroru Namiq Muradov, rayon polis şöbəsinin rəisi Süleyman Nemətov hadisə yerinə gəliblər.
Hüquq-mühafizə orqanları faktın araşdırılmasına başlayıb. Kəndin girəcəyində polis postları qoyulub. Kənd nəzarətə alınıb. Buna baxmayaraq sentyabrın 20-də günün ikinci yarısında yenidən kəndin 4-cü sakininin həyətində də yanğın qeydə alınıb.
Nazim Rzayevin ot tayası da alışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər bu həyətdəki yanğını da vaxtında söndürməyə müvəffəq olublar. İki gündə 4 yanğının başvermə səbəbi müəmmalı olaraq qalır. Müxtəlif versiyalar var. Yanğının qəsdən hər hansı şəxs tərəfindən şəxsi ədavətə görə törədilməsi istisna olunmur.
Quba polis şöbəsinin əməkdaşları araşdırmaları davam etdirir. Kənddə polis postları növbə çəkməkdədir. Təəccüblü yanğının hansı səbəbdən törədilməsi hamıya maraqlıdır. Quba ih başçısı Ziyəddin Əliyev hadisəni xüsusi nəzarətə götürüb.