Şimal rayonunda koronavirusa yoluxmanın səbəbləri ciddi araşdırılıb

23 Noyabr, 2020 17:41 | Sosial | Baxış sayı: 151

Son günlər Qubada koronaviruslu xəstələrin sayının artması ciddi narahatçılıq doğurur və biz tezliklə yayılmanın qarşısını almaq üçün daha kəsərli tədbirlər görməliyik. Bu istiqamətdə hər birimizin üzərinə çox mühüm vəzifə düşür.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu fikri bu gün növbəti dəfə video müşavirə keçirən Quba İH başçısı Ziyəddin Əliyev deyib. Rayonun ayrı -ayrı idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin onlain qatıldığı video müşavirədə rayon rəhbəri ciddi tapşırıqlar verib. Bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun səyi nəticəsində Dağlıq Qarabağda tarixi qələbəmizin sevincini yaşadığımız bu məqamda təhlükəli virusun ayaq tutub yeriməsi çix təəssüfedici haldır və hər birimiz bu sahəyə məsuliyyətimizi beşqat artırmalıyıq.

Ziyəddin Əliyev bu gündən rayonda hər bir müəssisədə və nümayəndəlikdə koronavirusa qarşı görülən tədbirlərə nəzarət edən və bu işə birbaşa məsul bir müvəkkilin seçiləcəyini diqqətə çatdırıb: "Seçilən müvəkkil ərazidə virusla bağlı bütün işlərə ciddi nəzarət etməli, yayılmaya meylli halları aradan qaldırmağa səy göstərməlidir. Müvəkkilin işlərinə də ciddi nəzarət ediləcək".

Rayon rəhbəri Qubada bütün yaşayış məntəqələrində fəaliyyət göstərən hər biri 4 nəfərdən ibarət olan 140 mobil dəstələrin işinə də nəzarət ediləcəyini söyləyib. Quba İH başçısı Ziyəddin Əliyev video müşavirə iştirakçılarını da dinləyib. TƏBİB-in"Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Baş direktoru Əlyar Sərvərovun çıxışı kəskin olub. Onun sözlərinə görə, martın 23-dən regional Covid-19 xəstəxanası kimi fəaliyyət göstərən Quba xəstəxanasında son günlər yoluxmuş insanların sayındakı artımın müxtəlif səbəbləri var, insanların bəziləri pandemiyaya çox səthi yanaşırlar, məsuliyyətsiz davranırlar: "Koronaya yoluxmuş şəxsi xəstəxanaya gətirəndə yanında 4 nəfər də adam gəlir. Bu da yoluxma sayını artırır. Başa sala bilmirik. Xəstəxanaya giriş tam məhdudlaşmalıdır."

Quba Covid-19 xəstəxanasının rəhbəri rayon rəhbərindən şəkər xəstələrinə dərmanların çatdırılmasında kömək göstərməsini xahiş edib: "Dövlət tərəfindən şəkərli diabet xəstələrinə verilən pulsuz dərmanların ünvanlarına çatdırılması üçün təklif edirəm ki, risk qrupuna daxil olan yaşlı adamların özləri gəlmədən, ailələrindən bir nəfər gəlib sənədini təqdim etməklə xəstəxanadan dərmanları aparsın". Öz növbəsində Quba İH başçısı bu təklifi müsbət qəbul edərək bildirib ki, ailələrindən deyil, hər nümayəndəlikdə bir nəfər təyin edilsin və siyahı üzrə şəkərli xəstələrin dərmanlarını vaxtlı-vaxtında xəstələrə çatdırsın.

TƏBİB-in Qubadakı rəsmisi Əlyar Sərvərov çıxışında həyəcan təbili çalıb. Bildirib ki, sayı yüksək olan xəstələrə xidmət edən cəmi 4 həkimimiz qalıb: "Həkimlərimizin çoxu virusa yoluxub. Özləri yoluxub." Əlyar Sərvərov bu gündən Operativ Qərargahın qərarı ilə Qubadakı regional perinatal mərkəzin rəsmi olaraq bağlandığını deyib. Onun sözlərinə görə görə, mərkəzin həkimləri arasında yoluxma çoxdur. Bu gündən Qubada hamilə qadınlar doğuş və müalucə ücün Qusar və Xaçmaz rayon mərkəzi xəstəxanalarının doğum şöbələrinə gedəcəklər.

Video müşavirənin sonunda Quba ih başçısı Ziyəddin Əliyev bir daha virusla mübarizədə bütün orqanların birgə səy göstərməklə yoluxma sayını tamamilə azaltmaq və yox etmək üçün ciddi fəaliyyət göstərmələrinin vacibliyini diqqətə çatdırıb. Ziyəddin Əliyev kadr dəyişikliyi ilə bir məlumatı da müşavirə iştirakçılarının diqqətinə çatdırıb. İH-nin əməkdaşı Tariyel İbrahimovun başçının 1-ci müavini təyin edildiyi bildirilib.